Bu gün Azərbaycanda beynəlxalq qadın klubu təsis olunub.
YeniAvropa xəbər verir ki, klubun əsas məqsədi qadınlar arasında əməkdaşlığı genişləndirməkdir.
Hazırda dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasıdır. Qadınların cəmiyyətdə yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Ölkəmizdə qadınlar hər zaman siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadın hərəkətının yeni mərhələsi başlandı və bu gün də uğurla davam etdirilir.
Yeni təsis olunan beynəlxalq qadınlar klubunun rəhbəri Əsmayə Cavadova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, deputat Dilarə Cəbrayılova və digər çıxış edənlər Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınları üçün əsl nümunə olduğunu bildiriblər. Qeyd ediblər ki, hazırda Azərbaycan əhalisinin təxminən 51 faizini qadınlar təşkil edir. Qadınların fəallığı üçün ölkəmizdə hər cür imkan yaradılıb.
Tədbirdə ölkəmizdə dövlət qadın siyasətindən, son 26 ildə bu istiqamətdə qazanılan uğurlardan danışılıb.