Sloveniyada Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsi yad edilib.
Azərbaycanın Xorvatiyadakı səfirliyinin və Avstriyadakı səfirliyinin Sloveniyadakı ofisinin əməkdaşları, Xorvatiya-Azərbaycan və Sloveniya-Azərbaycan dostluq cəmiyyətlərinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri Mehdi Hüseynzadənin anadan olmasının ildönümü ilə əlaqədar onun dəfn olunduğu qardaşlıq məzarının yerləşdiyi Nova Qoritsa şəhərinə gediblər.
Zaqrebdəki səfirliyimizin və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilən səfər zamanı nümayəndə heyətinin üzvləri əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidənin önünə əklil qoyublar. Sonra Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeylə tanışlıq olub.
Sloveniyadan və Xorvatiyadan olan qonaqların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Mehdi Hüseynzadənin keçdiyi qəhrəmanlıq yolundan söz açıb. O bildirib ki, Xorvatiya və Sloveniya ictimaiyyətinin qəhrəmanımızın xatirəsinə göstərdiyi ehtiram əlaqələrimizi daha da möhkəmləndirib.
Daha sonra Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri çıxış edərək Mehdi Hüseynzadə ilə bağlı fikirlərini bildiriblər.