Ermənilərin SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsində təxribatının qarşısı alınıb
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı videoçarxların yayılmasına görə bu ölkədə fəaliyyət göstərən “Erməni təşəbbüsü” Fondu təxribata əl atmağa cəhd edib.
YeniAvropa xəbər verir ki, bu haqda “SOCAR Energy Ukraine”dan məlumat verilib. Bildirilib ki, fondun nümayəndəsi SOCAR-ın Kiyevdəki yanacaqdoldurma məntəqələrindən birində olarkən bu videoçarxı görüb və qarışıqlıq yaratmaq istəyib.
Hadisə yerinə polis çağırılıb və erməni məntəqədən uzaqlaşdırılıb.
Xatırladaq ki, fevralın 23-dən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar SOCAR-ın Ukrayna ərazisində yerləşən yanacaqdoldurma məntəqələrində soyqırımına dair videoçarx yayımlanır.
Videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumatlar, faciəyə dair fotolar yer alıb.