logo

Tehranda İran-Azərbaycan turizm simpoziumu keçirilib

14:27 16-02-2020 | icon 2695
Tehranda İran-Azərbaycan turizm simpoziumu keçirilib

Fevralın 15-də Tehranda İran və Azərbaycan üzrə ikinci ixtisaslaşdırılmış turizm simpoziumu keçirilib.

 YeniAvropa xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizin turizm potensialı haqqında məlumat verib. Qeyd olunub ki, ölkələrimizin coğrafi yaxınlığı ikitərəfli əlaqələrin inkişafı üçün böyük imkanlar yaradıb. Son illərdə Azərbaycan ilə İran arasında iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi turizm sahəsində də qarşılıqlı əlaqələr inkişaf edir. Hazırda turizm qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilib. Bu sahənin inkişafı üzrə dövlət səviyyəsində geniş islahatlar aparılır. Gözəl iqlimə, təbiətə, ləziz mətbəxə, yeni infrastruktura, tarixi abidələrə, mədəni irsə malik olan Azərbaycan Qərb ilə Şərq arasında körpü rolunu oynayır. Azərbaycanı qədimliklə müasirliyin sintezinin ən uyğun nümunəsi hesab etmək olar. Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Artıq neçə ildir ki, Azərbaycan dünya miqyaslı idman yarışlarına və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Cari ildə futbol üzrə Avropa çempionatının final mərhələsində 3 qrup oyunu və 14 final oyunu Bakıda keçiriləcək. Onu da nəzərə çatdırmaq lazımdır ki, Qəbələ şəhəri 2020-ci il üçün “İslam turizm paytaxtı” seçilib. Bununla əlaqədar olaraq bir sıra beynəlxalq səviyyəli tədbirlər Qəbələdə təşkil olunacaq. İslam əməkdaşlıq Təşkilatının 11-ci konfransı da Qəbələdə keçiriləcək.

F.Nağıyev bildirdi ki, Azərbaycan ilə İran arasında turizm əlaqələri genişlənməkdədir. Ötən il İrandan Azərbaycana gələn turistlərin sayı 255 min nəfərdən çox olub ki, bu da 2018-ci illə müqayisədə 6,3 faiz çoxdur. İran Azərbaycan vətəndaşlarının ən çox ziyarət etdikləri ölkələrdən biridir.

Novruz bayramında İrandan Azərbaycana xüsusilə çox turist gəlir. Hazırda Azərbaycana gəlmək istəyən turistlərin səfərlərinin daha da asanlaşması istiqamətində iş aparılır. Ötən il dekabr ayının 1-dən İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına səfərlərini asanlaşdırmaq məqsədi ilə viza rejimi ləğv edilib. Tehran ilə Bakı arasında hər gün birbaşa təyyarə reysləri təşkil edilib.

Nəzərə çatdırılıb ki, turizm şirkətləri arasında əlaqələrin intensivləşməsi üçün seminar və konfranslar da təşkil ediləcək ki, bunlar da iki dost ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təkan verəcək.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə çıxışında bildirdi ki, İran ilə Azərbaycanın əlaqələri səmimi dostluq və qardaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Turizm də iqtisadiyyatın əhəmiyyətli sahələrindən biridir. Qarşılıqlı turizm səfərlərinin təşkili hər iki ölkənin mənafeyinə uyğundur. Xalqların qohumluq əlaqələrinə malik olması turizmin inkişafına təkan verən amillərdəndir. Bu imkandan istifadə etmək və turizmi inkişaf etdirmək zəruridir.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov çıxışında söylədi ki, Azərbaycan ilə İranın münasibətləri müştərək tarixə, qədim dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Ötən 7 il ərzində Azərbaycan və İran prezidentlərinin 13 görüşü olub, yüksək səviyyəli nümayəndə heyətlərinin 150-dən çox qarşılıqlı səfərləri həyata keçib və 75-dən artıq sənəd imzalanıb.

Azərbaycan sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkandır. Həmçinin Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycan dünyada özünəməxsus multikultural dəyərləri ilə yanaşı, İslam irsinin də təbliğinə xüsusi diqqət ayırır. Ölkəmiz turizm imkanlarına görə regionda və dünyada cəlbedici məkanlardan biridir. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən yeni turizm məhsulu və marşrutlarının yaradılması və sərmayə cəlb edilməsi istiqamətində davamlı fəaliyyət həyata keçirilir. Hazırda Azərbaycan İran vətəndaşları üçün ən rahat marşrutlardan biridir. Ölkəmizə səfərləri asanlaşdırmaq məqsədi ilə “ASAN Viza” portalı yaradılıb. Eyni zamanda, İran vətəndaşlarına hava limanlarında viza rəsmiləşdirilir.

Bakı-Tehran, Bakı-Təbriz və Bakı-Məşhəd istiqamətlərində təyyarə reysləri mövcuddur. Azərbaycan İranın başqa şəhərlərindən də təyyarə reysləri qəbul etməyə hazırdır. Hər iki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün Azərbaycan-İran sərhədindəki 4 sərhəd-buraxılış məntəqəsindən 3-ü 24 saatlıq iş rejimində işləyir. Astara sərhəd-buraxılış məntəqəsindən Bakı şəhərinə qədər yeni avtomobil yolu çəkilib və 4 saatlıq yol 2 saat yarıma qədər azalıb. Təbriz-Naxçıvan və Naxçıvan-Məşhəd istiqamətlərində sərnişin qatarı fəaliyyət göstərir. Belə əməkdaşlıq əlaqələri turizmin inkişafına geniş şərait yaradıb.

Səfir nəzərə çatdırıb ki, “tax free” sistemi və Azərbaycanda ticarət festivallarının keçirilməsi İran vətəndaşlarının ölkəmizə səfər etmək niyyətlərini artırıb. Bununla yanaşı, Azərbaycanda turizm sahəsinə sərmayə yatırılması və iş adamlarının fəaliyyəti üçün dövlət tərəfindən böyük imkanlar yaradılıb. Bütün bunlar iki ölkə arasında turist səfərlərinin sayının artmasına səbəb olub. Ölkələrimiz arasındakı dostluq, qarşılıqlı faydalı əlaqələr və tarixi bağlılıq da turizmin inkişafına təkan verir.

Simpoziumda İranın “Aysan Pərvaz” turizm şirkətinin direktoru Möhsün Dəsmalçi, Naxçıvan Muxtar Respublikası turizm departamentinin rəhbəri Əkbər Novruzov, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev, İran Turizm Agentlikləri Assosiasiyasının sədri Hörmətullah Rəfii və başqaları çıxış edərək turizm əlaqələrinin inkişafı istiqamətindən danışdılar.

Sonra Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ilə İranın Turizm Agentlikləri Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandum imzalandı.