Fevralın 27-də Azərbaycan Ağsaqqallar Şurasının VII qurultayı keçirilib. Fəttah Heydərov qurultayda yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
YeniAvropa xəbər verir ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.
Qurultayda çıxış edən prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, Ağsaqqallar Şurası ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edən, onlara yol göstərən ağsaqqallardır. Ərəstun Mehdiyev əmin olduğunu bildirib ki, Azərbaycan ağsaqqalları bundan sonra da ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətlərini uğurla davam etdirəcəklər.
Çıxışlarda Ağsaqqallar Şurasının beş illik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Şura ictimai-siyasi hadisələrə diqqətlə yanaşır, bu proseslərdə fəal iştirak edir.
Daha sonra Şuranın rəhbər orqanları seçilib.
Fəttah Heydərov açıq səsvermə yolu ilə yenidən Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib.
Sonra qurultayın qətnaməsi oxunub.