logo

İlham Əliyev Mingəçevirdə iki müəssisənin açılışında iştirak edib

15:01 27-02-2018 | icon 3073
İlham Əliyev Mingəçevirdə iki müəssisənin açılışında iştirak edib

Fevralın 27-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

YeniAvropa xəbər verir  ki, Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafi, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.

Məlumat verilib ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.

Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə salıb.

Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.

Yeni fabriklərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.