Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silahın olması barədə məlumat daxil olub.
Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs – Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman “AKM” markalı avtomat və içərisində 9 patron olan daraq aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.