Əsas gövdə və qanad çənlərinin birləşdirilməsi üçün Bakı Gəmiqayırma Zavoduna gətirilən Qazaxıstana aid “Barys” və “Berkut” gəmilərində işlər müvəffəqiyyətlə başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Gəmiqayırma Zavodundan məlumat verilib.
Bildirilib ki, gəmilərin hissələrinin birləşdirilməsi vaxtında yekunlaşdırılıb.
Sözügedən gəmilər Rumıniyada tikilib. Enli olmaları onların Volqa-Don kanalından keçməsinə imkan verməyib. Buna görə də “Barys” və “Berkut” Türkiyəyə məxsus tərsanələrin birində kəsilərək hissələrə bölünüb. Daha sonra yedək gəmiləri ilə Xəzər dənizinə - Bakı Gəmiqayırma Zavoduna gətiriliblər.
Qeyd edək ki, bu gəmilərin uzunluğu 113 metr, eni 21 metrdir. Yeni üzən vasitələrin sahibi Qazaxıstanın “KazMorTransFlot” şirkəti, operatoru isə “TOPAZ Energy and Marine”dir.
Eyni tipli üçüncü gəmi – “Sunkar” isə apreldə Bakı Gəmiqayırma Zavoduna gətiriləcək.