“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyevi Cəmiyyətin fəxri fərmanı ilə təltif edib.Bu haqda cəmiyyətdən səfirliyə daxil olan məktubda məlumat verilir.
Hüseyn Quliyev bu mükafata Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın möhkəmləndirilməsinə, diplomatiya sahəsindəki uğurlu fəaliyyətinə, birgə layihələrin, mədəni-humanitar sahədə tədbirlərin həyata keçirilməsi sahəsindəki işlərinə görə layiq görülüb. Sənəddə, həmçinin son zamanlar iki ölkə arasında çoxsaylı uğurlara və inkişafa nail olunduğu qeyd edilib.
Cəmiyyətin sədri Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. O, birgə fəaliyyət nəticəsində gələcəkdə həm Azərbaycan, həm də Özbəkistan üçün yeni-yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
Qeyd edək, fəxri fərman Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu ayın sonunda Daşkənddə keçiriləcək tədbirdə səfir Hüseyn Quliyevə təqdim olunacaq.AZƏRTAC