Fevralın 26-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbirlərlə əlaqədar olaraq Bakıda bir sıra küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. YeniAvropa xəbər verir ki, bu haqda Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, sabah paytaxtın Xətai prospekti və Xocalı prospekti istiqamətində kəsişən bütün paralel küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək: "26 fevral saat 08:00-dan tədbir başa çatanadək Xocalı prospektinə Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Sergey Senyuşkin, Fəzail Bayramov, Mehdi Mehdizadə, Süleyman Vəzirov, Sabit Orucov, akademik İzzət Orucov, Ayaz İsmayılov küçələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək".
Vaqif Əsədov daha sonra bildirib ki, "Ana harayı" abidəsinə ziyarətə gələnlərdən xahiş olunur ki, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.