Nazirlər Kabineti Azərbaycan Respublikasının "Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
YeniAvropa xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Xatırladaq ki, hazırda magistraturalara imtahanlar iki mərhələdə aparılır: Birinci mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi; İkinci mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Dəyişiklikdən sonra magistraturaya qəbul imtahanı birmərhələli olacaq.