"Rabitəbank" ASC nizamnamə kapitalını 12,8 milyon manat məbləğində artıraraq 101,3 milyon manata, məcmu kapitalını isə 104,6 milyon manata çatdırıb. Artım mövcud səhmdarlar hesabına həyata keçirilib.
Bankdan YeniAvropa-ya bildiriblər ki, nizamnamə kapitalının artırılmasında əsas məqsəd bankı əlavə kapitalla təmin edərək onun sabitliyini daha da möhkəmləndirmək və strateji layihələrdə iştirakını təmin etməkdir.
Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan "Rabitəbank"ın aktivləri 2017-ci il ərzində 31,7 faiz artaraq 727 milyon manat təşkil edib. Hazırda bank ölkə ərazisində 22 filial və 1 şöbədən ibarət şəbəkəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunda fəaliyyət göstərir.
Xatırladaq ki, 2018-ci il "Rabitəbank"ın fəaliyyətinin 25-ci ilidir. 1993-cü ildə yaradılmış "Rabitəbank" 25 il ərzində uğurlu inkişaf yolu keçib və ölkənin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilib. Öz fəaliyyətinin 25-ci ilində də "Rabitəbank" hər zaman olduğu kimi yüksək xidmət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir.