logo

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

15:36 23-02-2018 | icon 2275
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşları narkotiklərə qarşı qətiyyətli tədbirləri davam etdirirlər. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində yüksək təsiredici xüsusiyyətə malik olan külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərvinə Əkbərova heroin satarkən cinayət başında yaxalanıb. Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı əlavə olaraq yarım kiloqrama yaxın marixuana, tiryək, heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə həmin qadının narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Görülmüş tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Məmmədzadə saxlanılıb. Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı heroin aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 496 qram marixuana aşkarlanıb.

Saxlanılan şəxslər və maddi sübutlar istintaqa təhvil verilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.