logo

Bakıda avtomobil qaçıran şəxs Salyanda yaxalanıb

14:25 23-02-2018 | icon 2058
Bakıda avtomobil qaçıran şəxs Salyanda yaxalanıb

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti - Zəng Mərkəzinə müraciət daxil olub. DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıran şəxsin həyat yoldaşı və beş övladı da maşında olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum edilən Vüsal Həsənov olduğu müəyyənləşib.

Müəyyən edilib ki, Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyən avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Bu zaman gecə vaxtı getmək üçün maşın tapmayan V.Həsənov bundan istifadə edərək maşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna hüzr yerinə yollanıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.