logo

Fevralın 25-də magistraturalara qəbul imtahanı keçiriləcək

18:52 22-02-2018 | icon 2198
Fevralın 25-də magistraturalara qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 25-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək. DİM-dən YeniAvropa-ya  bildiriblər ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın beş şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 2-dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 12.387 bakalavr ərizə təqdim edib. Onlardan 11.205-i Azərbaycan bölməsi, 1.182-si rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5.321-I oğlan, 7.066-sı isə qızlardır. Bakalavrlardan 6.833-ü cari ilin, 5.554-ü əvvəlki illərin məzunları, 31-i xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində üç, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində bir binada təşkil olunacaq. Bakıda 10.705, Naxçıvanda 339, Gəncədə 838, Mingəçevirdə 292, Lənkəranda 213 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə edilməsinə 123 imtahan rəhbəri, 1.153 nəzarətçi-müəllim cəlb olunacaq. İmtahanda iştirak üçün ərizə təqdim etmiş ən yaşlı bakalavr 1961-ci ildəndir.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak üçün fevralın 16-dan etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Bakalavrlar imtahana gələrkən aşağıdakı sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə fevralın 24-də imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.