logo

Bakıda Ukrayna Ticarət Evi açılıb

13:08 18-12-2019 | icon 2877
Bakıda Ukrayna Ticarət Evi açılıb

Bakıda Ukrayna Ticarət Evi açılıb.

 YeniAvropa xəbər verir  ki,  bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ukraynanın infrastruktur naziri Vlasdislav Krikli, Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, Ukrayna Ticarət Evi 2018-ci ilin aprelində təsis olunub. Logistik mərkəz və iqtisadi-ticarət məkanı rolunu oynayacaq Ukrayna Ticarət Evinin açılmasında məqsəd ölkələrimiz arasında işgüzar əlaqələrin, ikitərəfli ticarətin genişləndirilməsi, həmçinin iş adamları arasında yeni əlaqələrin qurulmasına dəstək verilməsi, konsaltinq və digər kommersiya xidmətlərinin göstərilməsidir.

Ümumi sahəsi 1000 kvadrat metr olan ticarət evində mühəndislik, metallurgiya, kimya sənayesi, aqrar-sənaye, habelə yüksək texnologiyalı məhsulların istehsalı sahələri üzrə ixtisaslaşmış 30-dək Ukrayna şirkəti iştirakçı kimi çıxış edir.

Açılış mərasimində iqtisadiyyat naziri M.Cabbarov Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb, Ukrayna Ticarət Evinin bu sahədə əhəmiyyətli platforma olacağına əminliyini ifadə edib və ticarət evinin işinə uğurlar arzulayıb.

Ukraynanın infrastruktur naziri V.Krikli ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini və iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb, Ukrayna Ticarət Evinin biznes dairələri arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsinə əlavə imkanlar yaradacağını bildirib.