Bu gün Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 13 il ötür.
YeniAvropa xəbər verir ki, ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda təbii qaz ixrac edən bir ölkə kimi tanıtdırıb.
Hasilata başlanandan bəri “Şahdəniz”dən 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat əldə olunub. Bu il, həm də “Şahdəniz” strukturunun kəşfindən 65, yatağın kəşf olunmasından isə 20 il keçir. “Şahdəniz” qaz yatağı Alyaskadakı “Prudo Bey” (“Prudhoe Bay”) neft yatağından sonra "BP" şirkətinin ən böyük kəşfi hesab edilir.
Xatırladq ki, 1996-cı ildə xarici tərəfdaşlar ilə perspektivli “Şahdəniz” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü (HPBS) haqqında saziş imzalanıb. Bundan 3 il sonra - 1999-cu ilin iyununda isə ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağı kəşf edilib. Bu yataq dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. “Şahdəniz” Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir.
2006-cı il dekabrın 15-də “Şahdəniz” yatağında ilk quyu istismara verilib.
Bu hadisə Azərbaycanın neft-qaz sənayesi tarixində yeni bir mərhələnin başlanğıcı olub.