logo

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə görüş keçirilib

17:18 19-12-2017 | icon 2051
Xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən dekabrın 19-da xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumatda bildirilib ki, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 29 nümayəndəsi iştirak edib.

Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov toplantıda regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2018-ci ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou bu cür tədbirlərin keçirilməsinə görə həmkarları adından Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.