Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 150 akt və protokol tərtib olunub
Fevralın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Departamentdən YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 150 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 47 iş üzrə 26800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 35 iş üzrə 9871,32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 223 iş üzrə 49268,99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 11, icra qurumlarına 32, məhkəmələrə isə 5 iş göndərilib.