Noyabrın 23-də hakim olmaq istəyən müraciət etmiş 244 namizəd üçün Dövlət İmtahan Mərkəzində(DİM) beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilir.
YeniAvropa xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilir ki, namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırırlar.
Şəffaf şəkildə keçirilən imtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunacaq və müvafiq arayış təqdim ediləcək. Habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdiriləcək. Həmçinin imtahan "www.jlc.gov.az" saytı vasitəsilə onlayn rejimində birbaşa yayımlanır.
İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış hakimliyə namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Bununla əlaqədar hakim olmaq istəyən hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.