Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından YeniAvropa-ya bildirilib ki, su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlanır. Deyirlər ki, Tanrı əvvəlcə suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Xatırladaq ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.