Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. YeniAvropa xəbər verir ki, hazırda həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi kəsilib. Bundan əlavə, qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınıb. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatır.
Gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Quba-Xınalıq yolunun günün sonunadək avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
Qeyd edək ki, ötən gündən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.