logo

Respublika ərazisində il ərzində 3642 zəlzələ qeydə alınıb

16:07 19-12-2017 | icon 1981
Respublika ərazisində il ərzində 3642 zəlzələ qeydə alınıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Yer Elmləri Bölməsi və Elmi-Texniki Şuranın birgə iclası keçirilib.

Mərkəzin informasiya şöbəsindən bildiriblər ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda RSXM-in cari il ərzində apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Baş direktor çıxışı zamanı bildirib ki, mərkəzin bütün şöbələri üzrə illik məlumatlar təqdim edilib və yekun hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Q.Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında məlumat verib. O, il ərzində hesabat gününə qədər 8934 yeraltı təkanın qeydə alındığını qeyd edib. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 yeraltı təkan qeydə alınıb və onlardan 26-sı hiss olunan zəlzələlərdir.

Baş direktor onu da əlavə edib ki, ötən ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı isə artıb. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 kilometr təşkil edib. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 kilometrə qədər artması onun Xəzər akvatoriyasına keçməsi ilə əlaqədardır.

Hesabat ili ərzində ən güclü yeraltı təkan Ağdam ərazisində baş verib. Noyabrın 15-də yerli vaxtla saat 23:48:02-də Ağdam rayonu ərazisində maqnitudası 5,7 bal olan zəlzələ baş verib. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 3-5 bala qədər hiss olunub. Yeraltı təkanlardan sonra afterşok prosesi kifayət qədər aktivləşib, ilk birinci sutka ərzində əsas təkandan sonra 89 afterşok qeydə alınıb.

Bundan əlavə, bu il mayın 5-i saat 03:24-də Saatlı rayonu ərazisində maqnitudası 5,4 bal olan zəlzələ baş verib. Dərinliyi 48 kilometr təşkil edən zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala qədər hiss olunub. Saatlı zəlzələsi eninə Savalan-Abşeron, Pamir-Abşeron, uzununa Kür dərinlik qırılmalarının hərəkət zonalarında yerləşib.