Martın 8-də Batumidə “Qadın iş adamlarının biznes-forumu” keçiriləcək. YeniAvropa xəbər verir ki, tədbirə Azərbaycan qadın sahibkarları da dəvət olunublar.
Acarıstan Qadınlar Assosiasiyasının icraçı direktoru Natia Surmanidzenin sözlərinə görə, biznes-forumun əsas məqsədi qadınların iqtisadi, siyasi və humanitar proseslərdəki rolunu artırmaq, beynəlxalq əməkdaşlığı genişləndirək, eyni zamanda, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə köməklik göstərməkdir.
Gürcüstan Sənaye Ticarət Palatasının xətti ilə foruma Rusiya, Ukrayna, Azərbaycan, İran, Türkiyə, Ermənistan və digər ölkələrdən qadın iş adamları dəvət olunublar.
Forumda Gürcüstanın iqtisadi imkanları, biznes mühiti, investisiya imkanları, qonşu dövlətlərin Gürcüstanla sərhəd regionları arasında iqtisadi əlaqələrin qurulması, birgə layihələrin reallaşdırılması imkanları, informasiya mübadiləsi, ticarət əlaqələri, qrant layihələrindən yararlanma, biznes sahəsinə kreditlərin ayrılması, vergi güzəştləri və s. məsələlər müzakirə olunacaq.
Forum Gürcüstan Sənaye-Ticarət Palatası, Acarıstan Sənaye-Ticarət Palatası və Acarıstan Qadınlar Assosiasiyası tərəfindən birgə təşkil olunur.