Nazir “uşaqpulu" verilməsini mümkün saymadı : "buna 18-35 milyard vəsait lazımdır”
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə deputatların “uşaqpulu” təklifinə münasibət bildirib.
YeniAvropa xəbər verir ki, nazir S. Babayev bu gün Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlərin ödənildiyini xatırladıb.
Nazir qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən məbləğ 150 manatdır, onların valideynlərinə və ya qəyyumlarına isə 200 manat ödənilir:
"Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmış 2 milyon 700 min uşaq var. Tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu 3,3 milyard manat edir. Uşaq pulu kimi proqramlar 1 illik, 2 illik proqramlar deyil. Ən azı 5 illik, 10 illik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir. Nəzərə alın ki, ölkədə minumum pensiyalar 72 faiz, minimum əməkhaqqı 2 dəfə, 600 min insanın müavinət, təqaüdü 2 dəfə artıb. Bu gün yəni konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı olan sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar eyni məbləğlə maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək”.