logo

Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü tutuldu

19:28 17-02-2018 | icon 2205
Bakıda iki nəfərin ölümünə səbəb olan sürücü tutuldu

Respublikanın polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Bu haqda YeniAvropa-ya Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluqdan daxil olmuş birgə məlumatda bildirilib.

Belə ki, fevralın 14-də saat 20:30 radələrində H.Tağıyev-Sahil qəsəbəsi yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində Qənbərov Turan Əmrulla oğlunun sərxoş vəziyyətdə idarə etdiyi “KamAZ 5410” markalı 40-BF-988 dövlət qeydiyyat nişanlı avtomobillə ötmə əməliyyatı zamanı yolun əks hərəkət zolağına çıxaraq qarşıdan gələn İsrafilov Sərvan Eldar oğlunun idarə etdiyi “VAZ-21061” markalı 24-BA-711 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sürücü S.İsrafilov və sonuncu avtomobildə olan sərnişin Əliyev Oleq Mahmudoviçin aldıqları xəsarətlərdən hadisə yerində ölməsi və T.Qənbərovun hadisə yerindən qaçması faktlarına görə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində T.Qənbərov fevralın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

T.Qənbərov iş üzrə Cinayət Məcəlləsinin 263-1.4 (sərxoş halda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Qaradağ Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.