logo

Bakıda keçiriləcək “EduExpo” sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq

12:10 09-10-2019 | icon 3297
Bakıda keçiriləcək “EduExpo” sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq

 Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə ” sərgisinin təşkilatçısı olan  “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bu gün keçirilən  mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə,  13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisində Avropa İttifaqının birləşmiş stendi debüt edəcək.

O, bildirib ki, Avropa İttifaqının stendində Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Eyni zamanda sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunacaq. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı da təqdim ediləcək.

Xatırladaq ki, təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.