Ötən il Gürcüstan ərazisindən keçən boru kəmərləri ilə 281,7 milyon barel neft ötürülüb
2017-ci ildə Gürcüstan ərazisindən keçən boru kəmərləri ilə 281,7 milyon barel neft nəql olunub. YeniAvropa “Gürcüstan Neft və Qaz Korporasiyası”na istinadla xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 0,9 faiz azdır.
Korporasiyanın məlumatında bildirilir ki, 2017-ci ilin dördüncü rübündə Gürcüstan ərazisindən neft daşımaları 2016-cı ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artaraq 72,1 milyon barel təşkil edib. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Azərbaycandan Türkiyəyə 253,1 milyon barel və ya 2016-cı illə müqayisədə 0,3 faiz az neft nəql olunub. Qərb kəməri WREP ilə Bakıdan Supsa terminalına 28,6 milyon barel (2016-ci illə müqayisədə 56,1 faiz az) neft ötürülüb.
Ötən il boru kəmərləri ilə ən çox neft dekabr ayında daşınıb. Dekabrda ümumilikdə 24,4 milyon barel neft nəql olunub ki, bunun da 21,7 milyon bareli Bakı-Tbilisi-Ceyhan, 2,7 milyon bareli WREP kəmərlərinin payına düşür.
Azərbaycan nefti dünya bazarına Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2005-ci ilin sentyabrından, WREP kəməri ilə 1999-cu ilin aprelindən daşınır. Hər iki kəmərin operatoru Britaniyanın BP şirkətidir.