“Teleqüllə” sürüşmə sahəsindəki çatlarda heç bir dəyişiklik yoxdur. Son 10 gündür stabillik müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ən son bu gün səhər həmin ərazidə monitorinq aparıblar.
Bu barədə YeniAvropa-ya nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
“Yağıntılar olacağı halda sürüşmənin aktivləşməsi haqqında fikir bildirmək hələ tezdir. Çünki sürüşməyə səbəb təkcə atmosfer yağıntıları deyil. Lakin bu da prosesin aktivləşməyəcəyi anlamına gəlməz”, - deyə ekspedisiya rəisi qeyd edib.
Xatırladaq ki, paytaxtın Səbail rayonunda Teleqüllədən 200-250 metr cənub-şərqdə yerləşən “Teleqüllə” sürüşmə sahəsində eni 1 metrədək, vizual görünən dərinliyi 4-7 metr arasında olan çatlar qeydə alınıb. Prosesin baş verməsinə səbəb atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti məqsədilə yamacın şaquli kəsilməsi olub.