logo

Silsilə oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər

17:56 06-02-2018 | icon 2065
Silsilə oğurluqlar törədən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən mülkiyyət əleyhinə olan növlərinə qarşı mübarizə tədbirləri davam etdirilir.  Bu haqda YeniAvropa-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd edilib ki, bir sıra oğurluqlar törədən şəxslər ötən gün polis orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabr ayından cari il yanvarın 19-dək olan müddətdə 8 evdən, 1 sexdən inşaat materialları, təmir-tikinti alətləri, elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əliyev saxlanılıb.

Ötən ilin noyabr ayından cari il yanvarın 24-dək olan müddətdə 10-cu mikrorayondakı evlərin birinin liftinin əyləc dolağını, 1 mağazadan və 1 evdən inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Murad Xanbalayev Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ötən ilin noyabr ayından cari il yanvarın 11-dək olan müddətdə 3 avtomobildən və 4 evdən pul, məişət əşyaları, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Münasib Əhmədov Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən ilin aprelində və cari il yanvarın 21-də rayon ərazisindəki 2 evdən pul, mobil telefon və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Örənqala qəsəbə sakinləri Yaşar Hacıyev və Nizami Nağıyev saxlanılıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb.