Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) təşkilatçılığı ilə La Sapienza Universitetində Romada təhsil alan birinci kurs tələbələri ilə “İtaliyaya xoş gəlmisiniz” adlı görüş keçirilib.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.Görüşdə çıxış edən AİGA-nın həmsədri Emin Rüstəmov təşkilatın fəaliyyətinə toxunaraq bildirib ki, əsas məqsəd Azərbaycan və İtaliya gəncləri arasında əlaqələrin inkişaf etdirilməsi, azərbaycanlı gənclərin İtaliya cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsi, ölkəmizin təbliği, Qarabağ həqiqətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasıdır. O, AİGA-nın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib, tələbələri dövlət əhəmiyyətli tədbirlərdə fəal olmağa və təşkilatın sıralarına qoşulmağa dəvət edib.
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə universitetə yeni qəbul olunan tələbələrə təbriklərini çatdırın, onlara uğurlar arzulayıb. Diplomat İtaliyada təhsil almağın üstünlüklərindən bəhs edib.Azərbaycan ilə İtaliya arasındakı mövcud və inkişaf etməkdə olan münasibətlərdən danışan Məmməd Əhmədzadə İtaliyanın Avropada Azərbaycan üçün ən yaxın dost və tərəfdaş ölkələrdən biri olduğunu vurğulayıb. Təhsil sahəsinə gündən-günə artan marağın məhz bu münasibətlərin nəticəsində formalaşdığını söyləyən səfir azərbaycanlı tələbələrin Avropada, xüsusilə də İtaliyada təhsillərini davam etdirmələrindən məmnunluğunu bildirib.
Sonra müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir ziyafətlə davam edib.AZƏRTAC