logo

Sərhədçilər İrandan 19 kq-dək narkotikanın ölkəyə gətirilməsinin qarşısını alıblar

14:27 26-07-2019 | icon 2849
Sərhədçilər İrandan 19 kq-dək narkotikanın ölkəyə gətirilməsinin qarşısını alıblar

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində 18 kiloqram 870 qram narkotik vasitəni və 45 həb psixotrop maddəni qanunsuz dövriyyədən çıxarıb.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Nəticədə sərhəd pozucuları polietilen paketlərdə ümumi çəkisi 13 kiloqram 670 qram olan heroin, tiryək və marixuana növündə narkotik vasitəni, həmçinin 45 həb psixotrop maddəni hadisə yerində ataraq geriyə qaçıblar.

DSX-nin Sahil Mühafizəsinin Lənkəran rayonu Şahağacı kəndi yaxınlığında yerləşən sahil nəzarət bölməsinin xidməti sahəsində 2 naməlum şəxsin sahil xətti yaxınlığında hərəkətləri diqqəti cəlb edib. Sərhəd naryadı onlara yaxınlaşarkən qaçmağa cəhd göstəriblər. Lakin sərhəd naryadı həmin şəxsləri saxlayıb. Onların əşyalarına baxış keçirilərkən içərisində ümumi çəkisi 5,2 kiloqram heroin və tiryək olan bağlama aşkarlanıb.

Saxlanılmış şəxslərin şəxsiyyəti dəqiqləşdirilib. Onların Lənkəran rayon sakinləri 1965-ci il təvəllüdlü Hüseynov Arzuman Adil oğlu və 1973-cü il təvəllüdlü Əsgərov Mürsəl Nail oğlu olmaları müəyyənləşdirilib.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.