logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 33° isti olacaq

12:31 26-07-2019 | icon 2772
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 33° isti olacaq

Azərbaycanda iyulun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın əksər bölgələrində hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 34-39° isti, dağlarda gecə 14-18°, gündüz 22-27° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 27-28-də Abşeron yarımadasında zəif şərq istiqamətli küləklərin üstünlüyü və havada rütubətin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.