logo

SOCAR Avstriyada ilk yanacaqdoldurma məntəqəsini açıb

18:49 23-07-2019 | icon 3171
SOCAR Avstriyada ilk yanacaqdoldurma məntəqəsini açıb

Avstriyada “SOCAR” brendi ilə ilk yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

YeniAvropa xəbər verir  ki,  bu barədə SOCAR-ın İsveçrədəki törəmə şirkəti “SOCAR Energy Holdings” məlumat yayıb. Bildirilir ki, YDM Graz-Eggenbergdə açılıb.

“SOCAR Energy Holdings” Səhmdar Cəmiyyətinin rəhbəri Edqar Baxmann deyib ki, 2012-ci ildə İsveçrə bazarına daxil olan SOCAR sürətlə bu ölkənin aparıcı enerji şirkətlərindən biri kimi inkişaf edib. Hazırda bu təcrübəni Avstriyada da tətbiq etmək istəyirik.

Xatırladaq ki, 2017-ci ildə “SOCAR Energy Holdings” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq “A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” firmasını alıb. “SOCAR” brendi yaxın bir neçə ildə tədricən “A1” loqotipini əvəz edəcək.

Avstriyanın Ştiriya əyalətinin yanacaqdoldurma bazarında aparıcı rola malik “A1” şirkətinin ölkə üzrə 82 YDM-i fəaliyyət göstərir. Şirkətin 150 nəfər əməkdaşı var. “A1”lə yanaşı SOCAR həm də Graz şəhərində yerləşən və ticarət sahəsində fəaliyyət göstərən “Pronto Oil Mineralölhandels GmbH” şirkətini əldə edib. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin idarəedilməsi məqsədilə “SOCAR Energy Austria” MMC təsis olunub. “A1” şəbəkəsi və “Pronto Oil Mineralölhandels GmbH” şirkətinin əməkdaşları işlərində saxlanılıb və “SOCAR Energy Austria” MMC-nin tərkibində fəaliyyətlərini davam etdirirlər.