logo

Paytaxtda “avtoş”luq edən həbs edildi

22:09 20-07-2019 | icon 3136
Paytaxtda “avtoş”luq edən həbs edildi

Bakıda avtoxuliqanlıq hərəkətlərini çəkərək sosial şəbəkələrdə yayan sürücü həbs edilib.

YeniAvropa xəbər verir  ki, bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayıb.

Belə ki, Abşeron rayon sakini Bayramov Feyzi Salman oğlu idarə etdiyi 90 UF 314 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobillə rayon ərazisində avtoxiliqanlıq etdiyi üçün o, saxlanılaraq barəsində Polis Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarına əsasən Feyzi Bayramov İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 342.2.3-cü (nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə) maddələrinə əsasən 20 gün müddətinə inzibati həbs edilib və 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub.

 Qeyd edək ki, Feyzi Bayramov şəhər ərazisində mütəmadi olaraq avtoxuliqanlıq edərək etdiyi hərəkətləri videogörüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdirib.