Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən xəbərdə qeyd olunur ki, əməliyyat nəticəsində Səbail rayonundakı “20-ci sahə” ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlindəki idman çantasının içərisində külli miqdarda marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim edilən həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 50 qram qurudulmuş marixuana olması barədə rəy verilib.
Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə məlum olub ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.