logo

SƏLİS Azərbaycanda elektron xidmətlərin ən yaxşı şəffaflıq nümunəsidir

11:29 18-07-2019 | icon 2940
SƏLİS Azərbaycanda elektron xidmətlərin ən yaxşı şəffaflıq nümunəsidir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin vitse-prezidenti Natalia Bourjali və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Ülkər Əkbərova ilə görüş keçirilib.

 YeniAvropa xəbər verir  ki, görüşdə Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov qonaqlara Şuranın SƏLİS (Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi) proqramı haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Elektron hökumətin inkişafı və Rəqəmsal hökumətə keçidlə bağlı imzaladığı fərman və sərəncamları rəhbər tutaraq elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, istifadəçilər üçün daha rahat və əlçatan etmək məqsədilə yaradılıb. O qeyd edib ki, Şuranın tətbiq etdiyi yeni proqramlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkə üzrə rəhbərliyi Şuranın yeni elektron xidmətlərini ən yaxşı şəffaflıq nümunəsi kimi qiymətləndirib. Agentliyin dəstəyi ilə Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz tərəfindən SƏLİS-ə daxil olan e-məsləhət (Konsultativ dəstək üzrə onlayn xidmət) proqramına texniki yardım göstərilib və xidmətin təşkili üçün zəruri avadanlıqlar alınıb.

Natalia Bourjali bildirib ki, təmsil etdiyi Mərkəz uzun müddətdir Şura ilə səmərəli əməkdaşlıq edir. O deyib: “Bu gün əməkdaşlığımız yeni bir səviyyəyə qalxıb. Mən mütəmadi olaraq Şuranın fəaliyyətini izləyirəm və demək olar ki, hər dəfə yeni elektron xidmətin istifadəyə verildiyinin şahidi oluram. Bütün bunlar olduqca təqdirəlayiqdir. Şuranın e-məsləhət proqramı regional QHT-lər üçün çox önəmlidir.

Görüşdə iştirak edən Şura üzvü Əliməmməd Nuriyev SƏLİS-ə daxil olan proqramların hazırlanması istiqamətində görülən işlərdən danışıb və e-məsləhət proqramının həyata keçirilməsinə göstərdiyi texniki dəstəyə görə Agentliyə təşəkkürünü bildirib.

Sonda e-məsləhət proqramının ilk təqdimatı keçirilib. Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ilə videobağlantı yaradılaraq resurs mərkəzinin kollektivi ilə region QHT-lərinin fəaliyyəti haqda maraqlı müzakirə aparılıb.