Yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb. Cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.
YeniAvropa xəbər verir ki, bu barədə iyulun 17-də Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə Probasiya Xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov deyib.
A.Ziyadov bildirib ki, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişləndirilərək bu ilin birinci yarımilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib. Cəza müddəti başa çatan və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.