Törətdiyi ağır cinayət hadisələrinə görə 2016-cı ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan Quba rayon sakini, 31 yaşlı Sərxan Əkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə S.Əkbərov Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutulub.
Sərxan Əkbərov 2016-cı ildə bir qrup şəxslə qabaqcadan əlbir olaraq, rayon ərazisində bir neçə fərdi evə qanunsuz daxil olub, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıq oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurub. Sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri qadının əllərini və ağzını bağlayaraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə evdən külli miqdarda pul və mobil telefon ələ keçiriblər.
Cinayətkar dəstənin dörd üzvü - Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.