“Azərbaycan Xalq Hərəkatının mərkəzi qərargahına basqın” edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Dəqiqləşdirilmədən yayılan məlumatda iddia olunduğu kimi polis əməkdaşları tərəfindən ofisdə hər hansı axtarış aparılmayıb, ofis icarədar tərəfindən boşaldılmaqla qapadılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sahibi tərəfindən mülkiyyət hüququ etibarnamə əsasında Binəqədi rayon sakini 1982-ci il təvəllüdlü Hüseyn Əliyevə verilməklə, o da əmlakı Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan Aslan Həmidlinın adına rəsmiləşdirməklə “ANTV.AZ” internet kanalına icarəyə verib. Ancaq icarəyə verilən obyektin təyinatı üzrə istifadə olunmadığı barədə məlumat alan H.Əliyev, bir qrup müxalifyönlü şəxsin ona məxsus ofisdə, icazəsiz yığıncaq keçirdiyini öyrənərək, oraya gəlib, binanın mühafizə-komendatura işçilərinin köməyi ilə onların oradan çıxmasını tələb edib. Onların dövlət əleyhinə şüarlar səsləndirməsi qonşuluqda işləyən digər icarədarların narahatlığına səbəb olduğundan H.Əliyev ofisi icarəyə verdiyi şəxsdən geri alaraq, müqaviləni ləğv edib, qapının açarlarını onlardan alıb.
Bu barədə polisə H.Əliyev özü məlumat verib.
Hazırda Yasamal RPİ 29 PŞ-də müvafiq araşdırmalar aparılır.