logo

Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

15:15 15-07-2019 | icon 4998
Məktəbəhazırlıq qrupları üçün tətil günlərinin vaxtı açıqlanıb

Təhsil Nazirliyində dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı təsdiqlənib.

YeniAvropa xəbər verir  ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrə əsasən, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilib.

Tədris (məşğələ) planına dair “Qeydlər”də göstərilir:

1. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər.

2. Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:

- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.

3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

4. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.

5. Məktəbəhazırlıq məşğələləri həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur.

6. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

7. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur.

8. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd edilir, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

9. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır.

10.Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür:

- I yarımil: 1 oktyabr-26 yanvar;

- II yarımil: 1 fevral-31 may.

11. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

- 5 gün payız tətili (16-20 noyabr);

- 5 gün qış tətili (27-31 yanvar);

- 5 gün əlavə tətil (1-5 may).