logo

Bakıda “İslam sivilizasiyası Qafqazda”  adlı simpozium keçirilir

10:51 11-07-2019 | icon 2870
Bakıda “İslam sivilizasiyası Qafqazda”  adlı simpozium keçirilir

İyulun 11-də Bakıda  "Park İnn" mehmanxanasında “İslam sivilizasiyası Qafqazda”  adlı II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. 

 YeniAvropa xəbər verir  ki, tədbir Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov "İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu iştirakçılarına prezident İlham Əliyevin müraciətini oxuyub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub.

C.Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. 

C.Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.

On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə öz töhfəsini verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Halit Eren daha sonra bildirib ki, Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.

H.Eren "İslam sivilizasiyası Qafqazda" mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərlərinin Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.

İki gün davam edəcək simpoziumda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlərin məruzələrlə çıxışları nəzərdə tutulur.