Ölkə ərazisində iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.
Abşeronun şimal və cənub çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz arabir sürətlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 22-23° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 23-24° isti olacağı gözlənilir
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 5-i axşamdan 7-si axşamadək Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin üstünlüyü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir.