Ölkə ərazisində iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz təşkil edəcək.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimalı var. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda da cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 23-24° isti olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 4-də Abşeron yarımadasında zəif gilavar küləyinin üstünlüyü, günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.