logo

I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

14:50 02-07-2019 | icon 2527
I Respublika Sənətkarlıq Festivalı keçiriləcək

İyulun 3-dən 7-dək ölkəmizdə ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçiriləcək.

YeniAvropa xəbər verir  ki, festival UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunur.

Festivalda respublikamızın paytaxtı və regionlarından olan sənətkarların iştirakının təmin olunması məqsədilə sənətkarlığın müxtəlif istiqamətləri ilə peşəkar səviyyədə məşğul olan ustalar dəvət edilib. Festival insanların daha rahat gəlmələri üçün Nizami küçəsində açıq səma altında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil ediləcək. Tədbir festival-yarmarka və karnaval formasında keçiriləcək. Festivalın keçirilməsi üçün 40 müxtəlif formalı, müasir tərtibatlı və hər birində 2-3 sənətkarın öz işlərini sərgiləyəcəyi stendlər quraşdırılacaq.

Tədbirə Bakı və Sumqayıt şəhəri, habelə Abşeron yarımadasının digər yerlərində fəaliyyət göstərən təxminən 60 sənətkar, bölgələrdən 40-a yaxın sənətkar dəvət edilib. Tədbirin keçiriləcəyi ərazidə məlumat mərkəzləri yaradılacaq. Festival ərəfəsində əl işlərinin marketinqi sahəsində müasir, innovativ üsulların istifadəsi, həmçinin milli dəyərlərin yaşadılması istiqamətində mütəxəssislərin və sənətkarların iştirakı ilə konfrans keçiriləcək.

Festivalda gənc nəslə, ziyarətçilərə əl işləri sənətinin texnologiyasının öyrədilməsi, nümayiş etdirilməsi məqsədilə “master club” qurulacaq və ustad dərsləri təşkil ediləcək. Yeni, əl işləri sənətinin nümunələrinin təqdim olunması və onlara dəstək göstərilməsi üçün “wall art” və “street art” üçün şərait yaradılacaq.

Festivalın cəlbediciliyinin artırılması üçün “şəhərcik” plan-quruluşundan istifadə ediləcək. Belə ki, uyğun və ya yaxın sənətkarlıq istiqamətləri eyni stenddə yerləşdiriləcək və bu stendlər simvolik olaraq sənətkarlıq kəndini, qəsəbə və məhəlləni formalaşdıracaq. Beləliklə, festivalı ziyarət edən şəxslər “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və s. ilə tanış olacaqlar. Festival barədə kitabçalar və kataloqlar nəşr olunacaq, iştirakçılar diplomlarla təltif ediləcəklər.

Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatların, habelə yaradıcı birliklərin iştirakı ilə festival müddətində hər gün konsert proqramı təşkil olunacaq. Festivalda uğurla iştirak edən, əl işlərinin keyfiyyəti və aktuallığı ilə seçilən sənətkarların xarici ölkələrdə keçirilən beynəlxalq sərgi-yarmarkalarda, habelə digər tədbirlərdə iştirakına kömək göstəriləcək.