TANAP bu gündən Avropaya qaz nəqli üçün tam hazır vəziyyətdədir
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu Qaz Boru Kəməri(TANAP) iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib.
YeniAvropa xəbər verir ki, bu haqda SOCAR-dan yayılan məlumatda qeyd edilir. Bildirilir ki, dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.
Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanıb. Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti iyulun 1-dən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində TAP vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib.
“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi ötən il iyunun 12-də keçirilmiş açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri keçən ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP tarixə, eyni zamanda, Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik.
Azərbaycan bu gün bütün dünyaya bir daha göstərib ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollaradək vəsaitə qənaət edərək layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olub. Bu hadisə başda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur.”
TANAP layihəsinin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirən SOCAR-ın prezidenti qeyd edib: “Bizə hər zaman yol göstərən, cəsarət verən möhtərəm dövlət başçılarımız başda olmaqla Türkiyə və Azərbaycanın dəyərli ictimai qurum və təşkilatlarına və onların rəhbərlərinə, öz etimad və dəstəkləri ilə fəaliyyətimizə dəyər qatan layihə tərəfdaşlarımıza – “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin timsalında Azərbaycanın bütün dövlət qurumlarına, “Botaş” və BP şirkətlərinə və onların dəyərli rəhbərlərinə, həvəslə çalışaraq və işinə hörmətlə yanaşaraq, bu nəhəng layihəni addım-addım ərsəyə gətirən, işlərin ən qaynar vaxtında sayı 10 minlərlə olan TANAP əməkdaşlarına, o cümlədən layihəyə rəhbərlik edən TANAP-ın dəyərli baş direktoru Saltuk Düzyola, bilik və bacarığını, var qüvvəsini əsirgəməyən və uğurumuzda böyük payı olan podratçılara, tədarükçülərə və digər tərəfdaşlarımıza, layihəyə böyük dəstək verən vətəndaş cəmiyyətlərinə, ictimaiyyəti maarifləndirmə sahəsində vəzifəsini məsuliyyətlə yerinə yetirən mətbuat nümayəndələrinə və gücümüzə güc qatan, təqdirləri ilə bizi qələbələrə həvəsləndirən əziz Azərbaycan və Türkiyə xalqlarına səmimi qəlbdən minnətdarlığımızı bildiririk”.
Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılıb. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilib. 2015-ci ildə Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlayıb. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi ötən ilin iyununda tamamlanıb. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilib. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli ötən il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlayıb. Bu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılıb.
Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarə olunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanıbdır. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bu günədək 1000-dək sosial və ətraf mühit layihəsini həyata keçirilib, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunub.
TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan “Cənub Qaz Dəhlizi” QSC (51 faiz), “Botaş” (30 faiz), BP (12 faiz) və “SOCAR Turkey Enerji A.Ş” (7 faiz) şirkətləridir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb