logo

Azərbaycanın ÜGT-nin Avropa regionuna rəhbərliyi rəsmən təsdiqləndi

23:15 29-06-2019 | icon 2877
Azərbaycanın ÜGT-nin Avropa regionuna rəhbərliyi rəsmən təsdiqləndi

Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  YeniAvropa-ya verilən məlumata görə, sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib.

Sessiyalarda həmçinin Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.

Əməkdaşlıq Şurasının bu gün keçirilən son iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Eyni zamanda, Amerika Regionuna Dominikanın, Asiya-Sakit Okeanı Regionuna Hindistanın, Yaxın Şərq və Şimali Afrika Regionuna Bəhreynin, Şərqi və Cənubi Afrika Regionuna Botsvananın, Qərbi və Mərkəzi Afrika Regionuna Qvineyanın sədrliyi təsdiq edilib.

Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrükxidmətlərinin maraqlarını qoruyacaq.

Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Şübhəsiz ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatının Avropa Regionuna rəhbər seçilməsi Prezident İlham Əliyevin gömrük orqanlarına göstərdiyi diqqət və qayğının, beynəlxalq ticarətin təhlükəsiz şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə atdığı addımların nəticəsidir.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar da kompleks xarakter daşıyır. Bu islahatlar fiskal siyasətin, maliyyə-uçot sisteminin düzgün qurulmasını, şəffaflığın təmin edilməsini, qaçaqmalçılığa qarşı effektiv mübarizə aparılmasını təmin etməklə yanaşı, ölkə gömrüyünün dünya gömrük ailəsinin ən etibarlı üzvünə çevrilməsinə şərait yaradıb.