Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov iyunun 30-da Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.
Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, nazir iyulun 1-2-də OPEC-ə üzv və təşkilata daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclası və nazirlərin 6-cı görüşündə iştirak edəcək.
“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının təhlili əsasında ilin ikinci yarısı üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.
Qeyd edək ki, keçən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası cari ilin ilk yarısında başa çatır.