Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla iyulun 1-dən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10 faiz, xarici valyutada isə 2,5 faiz müəyyən edib.
ADIF-dən YeniAvropa-ya bildirilib ki, iyulun 1-dək qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi milli valyutada 15 faiz, xarici valyutada isə 3 faiz təşkil edir və bu qaydaya uyğun qorunan əmanət statusunda olan depozitlərin sığortası əmanət müqaviləsinin müddəti bitənədək qüvvədə qalır.
İyulun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10 faizdən, xarici valyutada 2,5 faizdən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər ADIF tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.