logo

Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

19:51 28-06-2019 | icon 3122
Azərbaycan-İsveçrə Birgə Komissiyasının növbəti iclası keçirilib

Berndə Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerin həmsədrlik etdiyi Birgə komissiyanın iclasında hər iki ölkənin komissiyada təmsil olunan qurumlarının rəsmiləri və özəl sektorun təmsilçiləri iştirak edib.

İclasda çıxış edən nazir Şahin Mustafayev qeyd edib ki,  2019-cu ilin 1-ci rübündə Azərbaycanda ÜDM 3 faiz, qeyri-neft ÜDM-i 1,7 faiz, qeyri-neft sənayesi 16,1 faiz artıb. Hesablamalara görə, 2019-cu ildə ÜDM 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq. Ötən il ölkə iqtisadiyyatına 8,2 milyard dolları xarici investisiyalar olmaqla, 15,3 milyard dollar investisiya yatırılıb. Ümumilikdə isə, müstəqillik illərində investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir. Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8,9 milyard dollar olmaqla, ÜDM-in 19 faizini təşkil edib.

Qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafının Azərbaycanın iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu vurğulayan nazir Ş.Mustafayev ölkəmizdə yaradılan sənaye və texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar barədə məlumat verib, İsveçrə iş adamlarını Azərbaycandakı əlverişli işgüzar mühitdən yararlanmağa dəvət edib.

Komissiyanın iclasında Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə məlumat verilib, ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişli olduğu diqqətə çatdırılıb.

İclasda müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb, iqtisadi-ticarət əlaqələrinin, investisiya, turizm, təhsil, İKT, kiçik və orta biznes üzrə əməkdaşlığın genişləndirilməsi imkanları, bir sıra məhsulların, o cümlədən fındıq ixracının artırılması üçün böyük potensialın olduğu qeyd edilib.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger ölkəsinin Azərbaycanla əlaqələrinin yüksək səviyyədə olduğunu, İsveçrə şirkətlərinin Azərbaycanda aparılan islahatları müsbət qiymətləndirdiklərini və İsveçrə iş adamlarının Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, Azərbaycanda əlverişli biznes mühitinin yaradıldığını vurğulayıb. Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib, əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. E.Bolinger İsveçrə iqtisadiyyatı barədə məlumat verib, Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində və yeni əməkdaşlıq imkanlarının təşviq olunmasında komissiyanın rolunu vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolinger imzalayıb. Sənəddə iqtisadi-ticarət, enerji, sənaye, İKT, təhsil, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.